Apostil və leqallaşdırma
- 15/11/2017
- Posted by: ASAPh
- Category: Apostil

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü mövcuddur konsul leqallaşdırması və apostilin verilməsi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsdiq etdiyi Konsul leqallaşdırması haqqında Təlimatın 3-cü bəndinə əsasən konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.
Sənədin əslininin konsul leqallaşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırılması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat kontoruna məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.
Bu üsulla leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.5.1-ci maddəsinə əsasən sənədlərin Azərbaycan Respublikasında leqallaşdırılmasına görə 5 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur.
Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından əldə etmək olar.
Göstərilən Konvensiya diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə şamil edilmir.
5 mart 2004-cü ildə Azərbaycan Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuşdur və o, ölkəmizə münasibətdə 2 mart 2005-ci il tarixdən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli Sərəncamı ilə apostilin verilməsi üçün məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.
Apostil sənədin istər əslinə, istərsə də onun notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.
Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa) təsdiq edir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə əsasən müvafiq sənədə apostil verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur.
Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli verilir.
Qeyd: Sənədlərin təsdiqi 5 iş günü ərzində həyata keçirilir. Sənədlərin sayı 10-dan artıq olduğu təqdirdə baxılma müddəti əlavə 5 iş gününədək artırıla bilər.